Heydər Əliyev Fondunun
təşkilatçılığı ilə Fransada Azərbaycan
günləri ilə bağlı keçirilən tədbirlər
davam edir
Heydər
Əliyev Fondunun təşkilatçılığı və
ölkəmizin Fransadakı səfirliyinin dəstəyi ilə
Azərbaycan günləri ilə bağlı "Qafqazın
mirvarisi olan Azərbaycanın mədəni dəyərləri"
layihəsi çərçivəsində növbəti tədbir
iyunun 14-də Fransanın Bove şəhərində
keçirilmişdir.
Tədbiri
açan Bove şəhərinin meri, departamentdən senator
seçilən xanım Karolin Kayöks
vurğulamışdır ki, ölkəmizlə bağlı
təşkil olunan sərgi və konsert Azərbaycanı, onun
tarixini, qədim və zəngin mədəni irsini, musiqi alətlərini,
incəsənət əşyalarını yaxından
tanımaqda xüsusi əhəmiyyət kəsb edir.
Mühüm
mədəni və tarixi irslə zəngin Azərbaycanı qədim
sivilizasiyanın məskəni kimi dəyərləndirən
mer Fransanın iqtisadiyyatı dinamik inkişafda olan ölkəmizlə
hərtərəfli əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirmişdir.
Uaz
departamentindən deputat seçilən, Milli Assambleyada Fransa-Azərbaycan
dostluq qrupunun üzvü Jan-Fransua Mansel Azərbaycana səfərinin,
buradakı gözəllik və qədimliyin onda zəngin təəssürat
yaratdığını diqqətə
çatdırmışdır. O, Azərbaycanda müxtəlif
millətlər və dinlərin nümayəndələrinin
heç bir problem olmadan dost və mehriban şəraitdə
yaşadığını, ayrı-seçkiliyə yol verilmədiyini,
Şərqlə Qərb arasında hərtərəfli əlaqələrin
qurulmasında və inkişaf etdirilməsində ölkəmizin
körpü rolu oynadığını bildirmişdir.
Jan-Fransua
Mansel Azərbaycanın birinci xanımı, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycan-Fransa parlamentlərarası
işçi qrupunun rəhbəri kimi dəfələrlə
Fransaya səfər etdiyini, iki ölkə arasında dostluq əlaqələrinin
inkişafına xüsusi töhfə verdiyini
xatırlatmışdır. O, Azərbaycanı Fransada
tanıtmaq istiqamətində Heydər Əliyev Fondunun həyata
keçirdiyi layihələrin əhəmiyyətinin
vurğulamışdır.
Sərgidə
nümayiş etdirilən müxtəlif eksponatların Azərbaycanın
tarixi və mədəniyyətinin zənginliyindən xəbər
verdiyini vurğulayan deputat azərbaycanlıların səmimiliyindən,
qonaqpərvərliyindən bəhs etmişdir.
Azərbaycanın
Fransadakı səfiri Elçin Əmirbəyov artıq
Fransanın 14 şəhərində Azərbaycan günləri
ilə bağlı sərgi və konsertin təşkil
edildiyini və gələcəkdə də bu təşəbbüsün
davam etdiriləcəyini xüsusi vurğulamışdır.
Azərbaycanın
qədim və zəngin tarixi olduğunu xatırladan səfir
ölkəmizdə onlarla müxtəlif millətlərin
azsaylı nümayəndələrinin
yaşadığını, onların dil və dininin, mədəniyyətinin,
ədəbiyyatının inkişafına heç bir məhdudiyyət
qoyulmadığını, əksinə, dövlətimiz tərəfindən
xüsusi qayğı və diqqət göstərildiyini bildirmişdir.
Son
illər Azərbaycanda turizm imkanlarının genişləndiyini
və bu istiqamətdə yeni layihələrin
reallaşdığını diqqətə çəkən
E.Əmirbəyov Azərbaycanın Cənubi Qafqaz regionunun
sürətlə inkişaf edən lider dövlətinə
çevrildiyini qeyd etmişdir.
Uaz
departamentinin perfekti Nikola Desforj Bove şəhərində təşkil
olunan sərgi və konsertin iki ölkənin dostluğu istiqamətində
atılan addım kimi dəyərləndirmiş, mədəni
sahədə əməkdaşlığın vacibliyini
vurğulamışdır.
Sonda
"Bakustik" qrupunun və "Muğam" instrumental ansamblının
ifasında Azərbaycan xalq və bəstəkar
mahnıları səsləndirilmişdir.
Bovedə
keçirilən Azərbaycan günlərinin şərəfinə
şəhərin mərkəzindəki kafedralın
fasadında lazer şou göstərilmişdir.
Əsgər ƏLİYEV,
AzərTAc-ın xüsusi
müxbiri
Bove
Azərbaycan.-2013.- 19 iyun.- S. 8.